Yeni direktiv xərçəng, piylənmə və diabeti risk faktorları kimi müəyyənləşdirir...
Poliqon xəbər verir ki, ABŞ administrasiyası onkoloji xəstəliklər, piylənmə, diabet və ürək-damar xəstəliklərini xarici vətəndaşlara viza verilməsinin rədd edilməsi üçün əsas ola biləcək tibbi səbəblər kimi rəsmən siyahıya daxil edib.
The Washington Post nəşri yazır ki, dövlət departamenti tərəfindən hazırlanan və 6 noyabrda dünya üzrə bütün ABŞ səfirliklərinə göndərilən yeni direktiv hesab edir ki, müəyyən xəstəliklərin müalicəsi yüz minlərlə dollara başa gələ bilər və ABŞ vergi ödəyiciləri üçün potensial yük yarada bilər.
Sənəd ABŞ dövlət katibi Marko Mertsin (Rubio) imzası ilə təsdiqlənib və vizaya baxan konsulluq əməkdaşlarına müraciətçilərin sağlamlıq vəziyyətini daha ciddi nəzərə almağı tapşırır. Direktivdə göstərilir ki, “ürək-damar, tənəffüs, onkoloji, diabet və digər metabolik xəstəliklər, həmçinin nevroloji pozuntular və psixi sağlamlıq problemləri” müraciətçinin ABŞ-da yüksək tibbi xərclərə səbəb ola biləcəyi üçün risk amili sayılmalıdır.
Sənəddə xüsusilə vurğulanır ki, piylənmə artıq ayrıca mənfi faktor kimi qiymətləndirilməlidir. Bu, yuxu apnoesi, hipertenziya və klinik depressiya kimi əlavə fəsadlarla əlaqələndirilir. Bundan başqa, konsulluq orqanlarına müraciətçilərin yaşı, ailə üzvlərinin sayı, onların xüsusi qayğıya ehtiyacı və ya əlilliyinin olub-olmaması kimi sosial amilləri də nəzərə almaq tövsiyə edilir.
The Washington Post yazır ki, direktiv Dövlət Departamentinin müvafiq tibbi və hüquqi mütəxəssisləri ilə geniş razılaşdırma aparılmadan, daha çox siyasi rəhbərlik tərəfindən hazırlanıb. Virciniyanın Reston şəhərindən immiqrasiya üzrə vəkil Vik Goel bildirib ki, bu dəyişiklik vizanı rədd etmək üçün konsulluq əməkdaşlarına “geniş səlahiyyətlər” verir və əvvəllər əsas sayılmayan ümumi xəstəliklərin belə imtina üçün səbəb kimi şərh olunmasına imkan yaradır.
Ağ Evin mətbuat katibi Anna Kelli isə açıqlamasında bildirib ki, bu praktika “100 ildir mövcuddur” və ABŞ-a gələn əcnəbilərin sonradan dövlətə maliyyə yükünə çevrilməsinin qarşısını almağı hədəfləyir. Onun sözlərinə görə, “prezident Tramp administrasiyası nəhayət bu siyasəti tam tətbiq etməklə amerikalıların maraqlarını birinci yerə qoyur”.
Poliqon.info